İranın səriştəsiz iqtisadiyyat rəhbərinin təyinatı arxasında kim dayanır?
Ehsan Xanduzinin elə keyfiyyətləri var ki, Tehranda bunlar iqtisadiyyatı anlamaq bacarığından daha vacib sayıla bilər.
Potkin Azarmehr əslən İrandan olan britaniyalı araşdırmaçı jurnalist və sənədli film rejissorudur. O, müxtəlif media qurumları və tətbiqi siyasət araşdırmaları təşkilatları ilə əməkdaşlıq edib, Yaxın Şərq məsələləri və Qərbdə islam ekstremizmi barədə dərin təhlillər təqdim edib.

İran İslam Respublikası 47 ildir dərslik nümunəsi sayılacaq teokratiyadır. Eyni zamanda o, tam mənada kakistokratiyadır: ən az səriştəli, ən az qabiliyyətli və çox vaxt ən vicdansız adamların idarəçiliyi. Son təyinat – ortalıqda görünməyən ali rəhbər Mücteba Xameneiyə aid edilən qərar – bunun bariz nümunəsidir.
Məlumatlara görə, Mücteba Ali Ağa-Məhəmmədini (Ali Agha-Mohammadi) — Ali Rəhbərin Nəzarət Müavinliyi Ofisinin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun rəhbərini və Ali Rəhbərin Ofisində ən uzun müddət çalışan şəxslərdən birini — Ehsan Xanduzi (Ehsan Khandouzi) ilə əvəz edib. Vəzifənin ağır adı əslində İranın iqtisadi mexanizminin mərkəzini təsvir edir: ali rəhbərin nəzarəti altında fəaliyyət göstərən iqtisadi kartellərin investisiya siyasətinə nəzarət.
Ağa-Məhəmmədi ayətullah Əli Xameneinin iqtisadi müşaviri olub və ardıcıl şəkildə nüfuzlu postlar tutub. Karyerasında futbol klubuna rəhbərlik etmək və İran dövlət televiziyasında sədr müavini olmaq da var. Ancaq hər şeydən əvvəl Ağa-Məhəmmədi ayətullah Əli Xameneinin iqtisadi imperiyasının “saray xəzinədarı” idi.
Ali rəhbərin nəzarəti altındakı kartellər İran iqtisadiyyatının nəhəng hissələrini udub. Təkcə Xameneinin iqtisadi kartelləri ölkə sərvətinin təxminən 60 faizinə nəzarət edir, onun ofisinə bağlı şirkətlərin isə İranın ümumi daxili məhsulunun 50 faizini təşkil etdiyi deyilir.
Ağa-Məhəmmədi hesabat verməyən bu iqtisadi imperiyanın idarə edilməsində həlledici rol oynayıb; imperiyanın hakimiyyətə və kapitala imtiyazlı çıxışı rəqabəti sıxışdırıb və İran iqtisadiyyatının ümumi rəqabət qabiliyyətini zəiflədib. Onun yüksəlişi səriştədən çox siyasi itaətlə bağlı idi.
Bəs niyə onu Ehsan Xanduzi ilə əvəz etdilər?
Meyar səriştə olsaydı, cavabı Xanduzinin keçmiş fəaliyyətində tapmaq çətin olardı. Xanduzi keçmiş prezident İbrahim Rəisinin dövründə iqtisadiyyat naziri işləyib. Xanduzinin fəaliyyəti dövründə İran valyutası kəskin ucuzlaşdı və bu, zəruri məhsulların və gündəlik tələbat mallarının bahalaşmasına gətirdi.
İran iqtisadçısı Məsud Nili (Masoud Nili) Xanduzinin vəzifədə olduğu dövrdə ciddi valyuta disbalanslarına, idxal həcmlərində görünməmiş rekordlara və tədiyə balansında milyardlarla dollarlıq “xətalar və çatışmayan statistik maddələr”ə — 11,3 milyard dollar — diqqət çəkib.
Xanduzi həmçinin İranın Maliyyə Tədbirləri üzrə İşçi Qrupuna (FATF) qoşulmasının və üzvlüyün tələb etdiyi daha yüksək şəffaflığın qəti əleyhdarıdır. Əvəzində o, müxtəlif bəhanələrlə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) dövlət büdcəsindəki payını artırdı və əhalidən daha çox vergi yığmaq siyasəti apardı.
Xanduzinin ayətullah Əli Xameneiyə gedib çatan iqtisadi hesabatlarının keyfiyyəti də elə yüksək deyildi. Xamenei həmin hesabatları “boş və mənasız” adlandıraraq rədd etmişdi. Bununla belə, Xanduzinin elə keyfiyyətləri var ki, Tehranda bunlar iqtisadiyyatı və sadə riyaziyyatı anlamaq bacarığından xeyli vacib sayıla bilər. O, Çinlə uzunmüddətli strateji münasibətlərin sadiq tərəfdarıdır və Pezeşkian hökumətini İran iqtisadiyyatını daha qətiyyətlə Pekinin ixtiyarına verməyə çağırıb. 40 günlük müharibə başlayandan sonra o, iki mövqe tutdu: Çini tərifləmək və Hörmüz boğazının bağlı saxlanmasını dəstəkləmək.
Xanduzinin təyinatının məqsədi səriştəli bir iqtisadçını işin başına gətirməkdən çox, etibarlı siyasi icraçını ali rəhbərin iqtisadi mexanizminin mərkəzinə yerləşdirmək təsiri bağışlayır. Onun vəzifəsi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) maraqlarını qorumaq və onların Xamenei kartellərindəki payını artırmaqdır. Ancaq bu təyinatın üzərində böyük bir sual qalır.
37 ildir ki, Xameneinin iqtisadi imperiyasının real fəaliyyəti və rəqəmləri İslam Respublikasının ən ciddi qorunan sirlərindən sayılır və yalnız Ali Rəhbərin Nəzarət Müavinliyi Ofisinin İqtisadi Məsələlər üzrə İşçi Qrupuna məlumdur. Xanduzinin təyinatı Müctebaya aid edilsə də, dəyişikliyi kimin əmr etdiyi hələ də bəlli deyil. Cavab aydın olmasa da, bu, ölkənin hansı istiqamətə getdiyini göstərir.
Yaxın Şərq Forumunun təhlillərini e-poçtla alın: bülletenə abunə olun (ingilis dilində)