İraqda Hac Hamed şəbəkəsinə yeni baxış
İran İraqdakı milislərdən əl çəkmir, əksinə, onları qoruyur.
Ali Almrayatee “İraqa Azadlıq” əməliyyatı zamanı ABŞ Silahlı Qüvvələrində döyüş tərcüməçisi kimi xidmət edib. O, daha sonra İraq Parlamentində baş təhlükəsizlik müşaviri kimi çalışıb, 2016-cı ildə ABŞ girovlarının xilas edilməsinə və “İslam Dövləti” (İŞİD) ilə mübarizəyə töhfə verib, həmçinin ABŞ hökumət qurumları üçün terrorla mübarizə sahəsində kəşfiyyat mənbəyi kimi fəaliyyət göstərib. Almrayatee İraq və Türkiyədə diplomat kimi çalışıb, beynəlxalq təhlükəsizlik, ekstremizm, hibrid müharibə və geosiyasi məsələlərə fokuslanıb.

Middle East Forum Observer-in 30 sentyabr 2026-cı il tarixli təhlilində bildirilir ki, Hac Hamed şəbəkəsinin artan əhəmiyyəti İranın ənənəvi milis tərəfdaşlarına inamını itirdiyini və kritik əməliyyatları birbaşa İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) hesabat verən daha kiçik, bölmələşdirilmiş hüceyrələrə ötürdüyünü göstərir. Bu nəticə inandırıcı görünsə də, İranın strateji baxımdan daha ardıcıl mövqeyini pərdələyir: İran ənənəvi milislərindən əl çəkmir, əksinə, onları düşünülmüş bölmələşdirmə yolu ilə maksimum təzyiqin təsirindən sığortalayır.
Strateji baxımdan İran iki onillik ərzində özünə bağlı silahlı şəbəkəni İraqın siyasi, təhlükəsizlik və iqtisadi qərarvermə aparatının daxilində real güc mərkəzlərinə çevirib və bununla Tehrana İraq dövləti üzərində təsir rıçağı verib. Bu fraksiyalar və milislər İranın İraq dövlət funksiyaları üzərində təkcə təsirinin deyil, faktiki nəzarətinin təminatçısıdır; onları itirmək İranın ən mühüm aktivindən məhrum olması və regional güc balansının ABŞ və onun müttəfiqlərinin xeyrinə dəyişməsi demək olardı.
Tramp administrasiyasının İrana bağlı silahlı qruplar tərksilah olunmasa, ABŞ-ın İraqa aylıq dollar köçürmələrini dayandıracağı barədə xəbərdarlığı, 2026-cı ilin mayında bu milislərə qarşı tətbiq edilən sanksiyalarla birlikdə, həmin milislərin indi üzləşdiyi təzyiqi göstərir. Bu mühit ənənəvi vasitəçi qüvvələrdən tələb edir ki, qabaqcıl silah sistemləri və sərhədyanı hücumlarla bağlı, ABŞ və region ölkələrinin hərbi cavabının eskalasiyasını tətikləyə biləcək əməliyyatları əsas milis strukturlarından müvəqqəti ayırsınlar. ABŞ ordusu Hac Hamedlə əlaqəli hansısa hüceyrəni zərərsizləşdirsə, milis rəhbərliyi məsuliyyəti inkar edə bilər və İraq hökuməti də bunu inandırıcı şəkildə bəyan edə bilər, nəticədə əsas milis rəhbərliyi və infrastrukturunun cavab zərbələrinə məruz qalması minimuma enər.
“Kölgə qrupları” müdafiə strategiyası yeni taktika deyil. Birinci Tramp administrasiyasının İrana və onun vasitəçilərinə fokuslandığı illərdə, xüsusən Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin 2020-ci ilin yanvarında sui-qəsdlə öldürülməsindən sonra, İraq milis fraksiyaları özləri örtük qruplar yaradaraq bu strategiyanın öncülü oldular. 2019-cu ilin avqustunda ortaya çıxan, lakin Süleymaninin ölümündən sonra fəaliyyətini kəskin artıran “Əshab əl-Kəhf” (Ashab Al-Kahf) qrupu buna bir nümunədir. “Əshab əl-Kəhf”in “Əsaib Əhl əl-Həqq”lə əlaqəsini inkar etməsinə baxmayaraq, dəlillər təşkilati nəzarətin və əməliyyat tabeliyinin olduğunu göstərir.
Cədriyyə məhəlləsinə zərbədən və İsrailin “Hizbullah”a qarşı peycer əməliyyatından sonra, eləcə də ABŞ və İsrail kəşfiyyatının İranın yüksək səviyyəli milis dairələrinə nüfuz edə bildiyinin nümayiş olunmasından sonra İraq fraksiyalarının liderləri mərkəzləşdirilmiş komanda strukturlarının həssaslığını anladılar və izlərini qəsdən xırdaladıb-parçaladılar. Beləliklə, Hac Hamed şəbəkəsi rəhbərliyin milislər üzərində yerli komandanlığa inamını itirməsinin göstəricisi deyildi; əksinə, rəhbərliyin ABŞ-ın milis strukturlarını söküb-dağıtmaq qətiyyətini dərk etdiyini və həmin strukturların əsas gövdəsini qorumaq üçün əməliyyat məsuliyyətini inkar edilə və ya əsas təşkilatı məhv etmədən kənara atıla bilən törəmə qurumların üzərinə yönəltdiyini göstərirdi.
Bu, həm də formalaşmış liderləri əvəzləməyin çətin olduğunun etirafıdır. Həsən Nəsrullahın yerinə keçən Naim Qasım əvəz etdiyi “Hizbullah” liderinin kölgəsidir. Eyni şəkildə, Süleymaninin varisi İsmayıl Qaani onun xarizması və nüfuzundan məhrumdur.
2026-cı ilin sentyabrında Səudiyyənin Şərq-Qərb boru kəmərinə hücum İran doktrinasında dəyişikliyə işarə edən yeni tipli əməliyyat deyil; bu, alternativ kanallar vasitəsilə həyata keçirilən ənənəvi əməliyyatdır. Ənənəvi milislər hələ də kadr təqdim edir; sadəcə bunu bölmələşdirilmiş, inkar edilə bilən kanallar üzərindən edirlər ki, ağlabatan inkar imkanı qalsın.
Sonradan İraq təhlükəsizlik rəsmilərinin əməliyyatı, Səudiyyə xəbər kanalının istefada olan briqada generalı Əyad ət-Tufanla (Ayad al-Tufan) müsahibəsindən sonra, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Hac Hamedin üzərinə yazması özü də günahı ənənəvi milislərdən yayındırmağa hesablanmış strategiya ola bilər.
İraq hökumətinin sonrakı davranışı da bunu təsdiqləyir. Birtərəfli araşdırma aparıb İranın müdaxiləsini pisləmək əvəzinə, hökumət birbaşa İranın özü ilə birgə araşdırma başladıb, əgər hökumət bu əməliyyatları İraqın suverenliyini təhdid edən birtərəfli İran addımları kimi görsəydi, belə reaksiya məntiqsiz olardı. Guya zərər çəkmiş dövlətlə ittiham olunan tərəf arasında birgə araşdırmalar real, qarşıdurmaya əsaslanan hesabatlılıqdan daha çox, məlumat fonunun birgə idarə edilməsini xatırladır.
Yaxın Şərq Forumunun təhlillərini e-poçtla alın: bülletenə abunə olun (ingilis dilində)