Efiopiyanın şimalındakı münaqişə ölkə hüdudlarını aşır
Ölkənin təhlükəsizlik mühiti getdikcə daha çox onun əsas iştirakçı olmadığı razılaşmalar vasitəsilə formalaşır.

ABŞ analitikləri Efiopiyanın şimalındakı döyüşləri ölkənin əvvəlki daxili münaqişələrinin sadəcə növbəti fəsli kimi qiymətləndirməməlidirlər. Efiopiyanın siyasi və etnik həssaslıqları realdır, amma indi onlar xarici aktorların öz strateji maraqlarını gerçəkləşdirmək üçün istifadə etdiyi “açılış”a çevrilib. Misir, Eritreya və Sudanın hərbi isteblişmentinin müəyyən elementləri Efiopiyanı məhdudlaşdırmaqda ortaq maraqlara malikdir, Somali isə bu diplomatik həndəsənin bir hissəsinə çevrilib.
Qahirənin Eritreya, Sudan Silahlı Qüvvələrinin komandanı Əbdülfəttah əl-Burhan (Abdel Fattah al-Burhan) və Somali Prezidenti Həsən Şeyx Mahmudun (Hassan Sheikh Mohamud) da yer aldığı üçtərəfli və dördtərəfli formatlara daxil olması diqqətçəkicidir. Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsayas Afevərki (Isaias Afwerki), əl-Burhan və Mahmud Nil, Qırmızı dəniz və “qarşılıqlı maraq doğuran regional məsələlər”i müzakirə etmək üçün dəfələrlə Qahirədə bir araya gəliblər. Burada əsas məqam formuldansa təkrarlanan modeldir: Efiopiyanın təhlükəsizlik mühiti getdikcə daha çox Efiopiyanın özünün mərkəzi iştirakçı olmadığı razılaşmalar vasitəsilə müzakirə olunur və formalaşdırılır.
Sudan mühüm əməliyyat ölçüsü əlavə edir. Sudan Silahlı Qüvvələrinin isteblişmenti “Army 70” (70-ci Ordu) kimi tanınan çoxsaylı Tiqray Xalqının Azadlıq Cəbhəsi (TPLF) döyüşçüsünü qəbul edib, silahlandırıb və hazırlayıb, onların bir qismi Sudanda davam edən vətəndaş müharibəsində Sürətli Dəstək Qüvvələrinə (Rapid Support Forces) qarşı Sudan Silahlı Qüvvələri ilə yanaşı döyüşüb. Bildirilir ki, Sudan həm də Misir və Eritreya elementlərinin iştirak etdiyi şəraitdə Efiopiya müxalifət fiqurları ilə silahlı fraksiyaların nümayəndələrini bir araya gətirən görüşlərə ev sahibliyi edib.
Bu proseslər göstərir ki, Sudan ərazisi Efiopiyaya təzyiq göstərmək istəyən aktorlar üçün strateji dərinliyə çevrilir. Qahirənin addımları bu yozumu möhkəmləndirir. Misir bəyan edib ki, Efiopiyanın Böyük Efiopiya İntibah Bəndindən (GERD) və Nildən istifadəsinin qarşısını almaq üçün tədbir görəcək, ölkənin xarici işlər naziri isə bildirib ki, Efiopiya “qiyamət gününə qədər” Qırmızı dənizi görməyəcək. Bu mövqelər Nil mübahisəsini Efiopiyanın dənizə çıxış iddiaları və daha geniş regional rolu ilə əlaqələndirir. Nəticə etibarilə, Misirin Eritreya və Sudanla fəal əməkdaşlığı onun Efiopiyanı mühasirəyə almaq və strateji seçimlərini məhdudlaşdırmaq istiqamətində uzunmüddətli səylərinin bir hissəsini təşkil edir.
Eritreya ən yaxın və birbaşa hərbi komponentdir. Efiopiya rəsmiləri məsələni dəfələrlə Vaşinqtonun qarşısında qaldırıblar. 2026-cı ilin fevralında xarici işlər naziri Gedion Timothewos Eritreyanı hərbi təcavüzdə, Efiopiya ərazisinin işğalında və Efiopiya daxilində fəaliyyət göstərən silahlı qruplara dəstək verməkdə ittiham edib, Eritreya qüvvələrinin geri çəkilməsinə çağırıb. Gedion sonrakı mərhələdə dövlət katibi Marco Rubio ilə təmaslarında da, o cümlədən 2026-cı ilin mayında aparılan strateji müzakirələr zamanı Eritreyanın təcavüzü mövzusunu gündəmə gətirib. Addis Ababa indiki eskalasiya artıq gözardı edilə bilməyəcək həddə çatmamışdan əvvəl Vaşinqtonu bu problem barədə xəbərdar edirdi.
Döyüş meydanından daxil olan cari məlumatlar əlavə kontekst yaradır. Eritreya Assab-Bure cəbhəsindəki bölmələrdən ibarət briqadaları Şimali Qırmızı dəniz zonasına, xüsusən Berahle və Dalul istiqamətinə çəkib. Məlumatlarda 44-cü, 67-ci və 38-ci diviziyaların elementlərinin bu tərkibə daxil olduğu bildirilir. Qeyd olunur ki, hərəkətləri 44-cü diviziya ilə əlaqəli milis bölmələrinin komandiri polkovnik Teshome, 67-ci diviziyanın kəşfiyyat rəisi polkovnik Osman Sabe və Müdafiə Kəşfiyyatı batalyonunun zabiti Yasin Hussein koordinasiya edib.
Döyüş meydanındakı mənzərə sürətlə dəyişir. Efiopiya federal qüvvələri Mekelleni ələ keçirdikdən sonra Eritreya qüvvələri Assab-Bure oxu ilə Berahle, Dalul istiqamətinə və Tiqrayın şimalının dərinliklərinə doğru irəliləyib. Döyüşlər daha da şimala yayılıb və Tiqray Xalqının Azadlıq Cəbhəsi (TPLF) ilə Eritreya qüvvələri Adwa, Adigrat, Aksum və Shiraro ətrafındakı mövqelərə düşən təzyiqi azaltmağa çalışır. Efiopiya ordusunun daha şimala və şərqə doğru irəliləyişi Eritreya rejiminin son iki ildə özü ilə Efiopiya ordusu arasında yaratdığı bufer zonanı tədricən çökdürür. Təhlükə ondadır ki, indiyədək dolayı xarakterli olan qarşıdurma tezliklə birbaşa qarşıdurmaya çevrilə bilər, Efiopiya və Eritreya qüvvələri getdikcə sıxılan döyüş sahəsində bir-birinin qarşısında dayana bilər. Həm də bu döyüş meydanı artıq yalnız Efiopiya ərazisi ilə məhdudlaşmaya da bilər.
Vaşinqton üçün strateji nəticə aydın olmalıdır. Efiopiyanın daxili çatları həmin çatların xaricdən istismarı ilə qarışdırılmamalıdır. Tiqray Xalqının Azadlıq Cəbhəsi (TPLF) münaqişəsi, Sudan hərbçilərinin iştirakı, Eritreyanın yerləşdirmələri, Misirin təxribatı və genişlənən Qahirə-Əsmərə-Xartum diplomatik və təhlükəsizlik arxitekturası bir-biri ilə bağlıdır. Siyasət baxımından risk ondadır ki, Vaşinqton bu komponentlərin hər birinə ayrı-ayrılıqda yanaşır, TPLF-i Efiopiyanın daxili siyasi problemi, Eritreyanı ikitərəfli mübahisə, Misiri Nil məsələsi, Sudanı isə vətəndaş müharibəsi kimi qiymətləndirir. Halbuki birlikdə bunlar Efiopiyanın ətrafında regional təzyiq mühiti yaradır.
Bu fərqi anlamaq Vaşinqtondan Efiopiyanın hər bir siyasətini dəstəkləməyi tələb etmir, əksinə, Efiopiyanı daxili həssaslıqlarından xarici aktorların öz strateji maraqları naminə istifadə etdiyi suveren dövlət kimi tanımağı nəzərdə tutur. Efiopiyanın şimalında açılan daha mühüm hekayə də budur və əgər müharibənin diplomatiyanın bacarmadığını təmin edəcəyi gözlənilirsə, bu proses Afrika Buynuzunun yenidən konfiqurasiya olunmasına gətirə bilər.
Yaxın Şərq Forumunun təhlillərini e-poçtla alın: bülletenə abunə olun (ingilis dilində)