Körfəz ərəb dövlətləri Hindistanla Pakistan arasında balans saxlayır?
Körfəz ərəb dövlətləri artıq eksklüziv bloklaşma yox, konkret imkanlara əsaslanan münasibətlər qurmağa üstünlük verir.
Radhika Lakshminarayanan tədqiqatçı və tarixçidir, 30 ildən artıqdır Küveyt və Hindistanın aparıcı qurumlarında çalışır. O, Small States Security Dilemma—Kuwait after 1991 (“Kiçik dövlətlərin təhlükəsizlik dilemması — 1991-dən sonra Küveyt”) kitabının müəllifidir.

1947-ci ildə Hindistanla Pakistanın müstəqillik əldə edib bölünməsindən bəri iki dövlət bir neçə müharibə aparıb və Kəşmirlə bağlı iddialar, sərhəd mübahisələri və terrorizm məsələsi üzrə qarşıdurma davam edir. Son on ildə Hindistan tarixən sekulyar yanaşmadan daha açıq hindutva yönlü siyasi gündəmə keçib, dini azlıqlara qarşı iddia edilən ayrı-seçkiliklə bağlı narahatlıq isə artıb. Körfəz ərəb dövlətləri Pakistan kimi müsəlman çoxluqlu ölkələrdir və burada dini mühafizəkarlıq müxtəlif səviyyələrdədir, amma onlar hər iki rəqib dövlətlə münasibətlərdə iqtisadi ticarəti, təhlükəsizlik maraqlarını və dini bağlılıqları bir-birindən ayırır, öz geostrateji reallıqlarını önə çəkirlər.
Hindistan və Pakistan masaya fərqli təkliflərlə gəlir. Hindistan iqtisadi həcmi, texnologiyanı, investisiyanı, bağlantıları və nəhəng istehlak bazarını təklif edir. Pakistan isə hərbi təcrübə ilə çıxış edir. Bu təcrübə Səudiyyə Ərəbistanı ilə 2025-ci ildə imzalanmış Strateji Qarşılıqlı Müdafiə Sazişi, həmçinin Səudiyyə Ərəbistanı və Türkiyə ilə bu yaxınlarda imzalanmış və bəzi mediada, bəlkə də vaxtından əvvəl, “İslam NATO-su” kimi təqdim edilən Məkkə Birgə Sazişi ilə daha da möhkəmlənib. Onilliklər boyu Pakistan hərbi personalı Körfəz ərəb dövlətlərinin silahlı qüvvələri ilə birgə, xüsusən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təlim keçib və xidmət edib. Əsasən fiskal təzyiqlərdən əziyyət çəkən Pakistan Körfəz ərəb dövlətlərinin maliyyə yardımından, enerji tədarükündən və milyonlarla pakistanlı üçün məşğulluq imkanlarından faydalanıb. Körfəz ərəb dövlətləri ilə daha güclü əlaqələr Pakistana investisiya və diplomatik manevr üçün daha geniş imkan verə, eyni zamanda onun Cənubi Asiyadan kənarda da əhəmiyyətli təhlükəsizlik aktoru mövqeyini möhkəmləndirə bilər.
Pakistanın regionda formalaşmaqda olan təhlükəsizlik rolu Amerikanın təhlükəsizlik zəmanətlərini əvəzləyə bilməz, amma onun hərbi imkanları, nüvə dövləti statusu və təlim keçmiş müdafiə personalını yerləşdirmək qabiliyyəti Körfəz ərəb dövlətləri üçün çəkindirici amil yarada bilər. Bununla belə, Pakistan ciddi iqtisadi və siyasi məhdudiyyətlərlə üzləşir və onun sərhədləri daxilində terror qrupları fəaliyyət göstərir. Pakistanın təhlükəsizlik təklifinin real dəyəri hərbi potensialın inandırıcı və vaxtında atılan addımlara çevrilib-çevrilməyəcəyindən asılı olacaq. Husilərin Səudiyyə Ərəbistanına hücumları və Qırmızı dəniz boyunca təhlükəsizlik vəziyyətinin pisləşməsi artıq kollektiv müdafiə öhdəliklərinin əməliyyat səviyyəsində çəkindirməyə çevrilib-çrilməyəcəyini sınağa çəkir.
Körfəz ərəb dövlətləri bölünmədən sonrakı Hindistanla münasibətlərini enerji, ticarət və milyonlarla hindistanlı işçinin əməyinə söykənərək qurub. Hindistan üçün bu qonaq işçilər pul köçürmələri hesabına mühüm valyuta mənbəyi olub və ölkənin tədiyə balansını gücləndirib. Hindistan bu gün iqtisadi artım nümayiş etdirir və texnologiya, xidmətlər, farmasevtika, mühəndislik təcrübəsi və investisiya mənbəyidir. 2026-cı ilin fevralında Hindistan və Körfəz Əməkdaşlıq Şurası mal və xidmət ticarətini, investisiyanı və iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə azad ticarət sazişi üzrə danışıqlara başlayıb. Onların münasibətləri ənənəvi “neft müqabilində işçi qüvvəsi” modelindən kənara çıxır. İqtisadi şaxələndirmə axtarışında iddialı milli vizyonlar həyata keçirən Körfəz ərəb hökumətləri üçün Hindistan kritik strateji sektorlara töhfə verə bilər. Hindistanla münasibətlər həm də onun Hind okeanındakı daha geniş ambisiyalarından və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizindən qaynaqlanır.
Körfəz ərəb dövlətləri Hindistanın iqtisadi gücü ilə Pakistanın hərbi təcrübəsi arasında seçim edə bilməz. ABŞ-İran münaqişəsindən sonra onların ehtiyacları əhəmiyyətli dərəcədə dəyişib və Hörmüz boğazında hazırkı pozuntular göstərib ki, hətta geniş ABŞ təhlükəsizlik tərəfdaşlıqları belə Körfəz ərəb dövlətlərinin həssaslığını aradan qaldıra bilmir. Onlara investisiya və çəkindirmə, texnologiya və hərbi potensial, bazarlar və dəniz təhlükəsizliyi, enerji tərəfdaşlıqları və ərzaq təhlükəsizliyi lazımdır. Münaqişə göstərir ki, heç bir tək xarici tərəfdaş onların bütün ehtiyaclarını təmin edib zəmanət verə bilməz.
Ona görə də onlar Çin, Hindistan, Pakistan, Türkiyə, Avropa və digər güclərlə çoxtərəfli uyğunlaşma siyasəti yürüdürlər. Bu strategiya mütləq antiamerikan deyil, qavranılan qeyri-müəyyənliyə, həmçinin ABŞ-la tərəfdaşlıq fonunda öz həssaslıqlarına verilən reaksiyadır. Körfəz ərəb dövlətləri getdikcə daha çox eksklüziv ittifaqlanma deyil, konkret imkanlara söykənən münasibətlər qurmağa çalışır. Onlar mütləq ABŞ-a qarşı balans yaratmır, əksinə, Amerikanın hava və raketdən müdafiəsi, Hindistanın texnologiyası, Pakistanın hərbi təcrübəsi, Çinin ticarəti və infrastrukturu, eləcə də Türkiyənin müdafiə dəstəyi arasında hedcinq edir, eyni zamanda İranla öz diplomatik kanallarını qorumağa çalışırlar.
Bunu anlamaq ABŞ-ın strateji maraqları baxımından həlledici əhəmiyyət daşıyır. Hindistanın regionda artan rolu Amerikanın öz Hind-Sakit okean strategiyası ilə kəsişir və hətta onu tamamlayır. Pakistan isə fərqli hesablama tələb edir, çünki Pakistan Səudiyyə Ərəbistanı və Türkiyə ilə götürdüyü öhdəlikləri Hindistan, İran və Əfqanıstana yönəlik öz təhlükəsizlik prioritetləri ilə tarazlayır. Türkiyə də bu qovşağa ciddi müdafiə-sənaye və texnoloji ölçü əlavə edir. Çoxtərəfli uyğunlaşma üst-üstə düşən təhlükəsizlik öhdəlikləri, müxtəlif texnoloji standartlar, interoperabellik problemləri və rəqabət aparan xarici öhdəliklər yarada, nəticədə kollektiv fəaliyyəti qeyri-mümkün edə bilər. Hindistanla Pakistan arasındakı tarixi rəqabət potensial olaraq regiona da daşına və Körfəz ərəb dövlətləri daxilində, xüsusən də orada yaşayan nəhəng Hindistan və Pakistan diasporu nəzərə alınarsa, əlavə parçalanma qatı yarada bilər.
Körfəz ərəb dövlətləri üçün strateji dilemma artıq regionu hansı xarici gücün təmin edə biləcəyi məsələsi deyil, onların heç birindən asılı duruma düşmədən çoxsaylı tərəfdaşlıqları necə hedcinq edə biləcəkləridir. Buna görə də Körfəz ərəbləri sadəcə təchizatçılarını deyil, qeyri-sabit coğrafi mühitdə sağ qalmaq üçün strateji münasibətlərini də şaxələndirirlər. Körfəz ərəb dövlətləri Pakistanla Hindistan arasında məsələ-məsələ hedcinq edə bilər, amma onlardan yalnız birinə tam və eksklüziv şəkildə bağlanmağa hazır deyillər.
Yaxın Şərq Forumunun təhlillərini e-poçtla alın: bülletenə abunə olun (ingilis dilində)