Çin İraqın cənubunda şiə dövlətinə havadarlıq etməzdi, buna ehtiyacı da yoxdur
ABŞ-İraq münasibətlərinin pisləşməsi Pekinə özünü daha proqnozlaşdırıla bilən iqtisadi tərəfdaş kimi təqdim etmək imkanı verir.
Ali Almrayatee “İraqa Azadlıq” əməliyyatı zamanı ABŞ Silahlı Qüvvələrində döyüş tərcüməçisi kimi xidmət edib. O, daha sonra İraq Parlamentində baş təhlükəsizlik müşaviri kimi çalışıb, 2016-cı ildə ABŞ girovlarının xilas edilməsinə və “İslam Dövləti” (İŞİD) ilə mübarizəyə töhfə verib, həmçinin ABŞ hökumət qurumları üçün terrorla mübarizə sahəsində kəşfiyyat mənbəyi kimi fəaliyyət göstərib. Almrayatee İraq və Türkiyədə diplomat kimi çalışıb, beynəlxalq təhlükəsizlik, ekstremizm, hibrid müharibə və geosiyasi məsələlərə fokuslanıb.

İran rejiminin çökməsi Çini neft maraqlarını qorumaq üçün İraqın cənubunda silahlı qruplaşmaların idarə etdiyi şiə dövlətinin yaranmasına ‘dayəlik’ etməyə sövq edə bilərmi? Belə bir ssenari həm Çinin dövlətçilik yanaşmasını, həm də enerji təhlükəsizliyinin reallıqlarını yanlış oxuyur: ilkin iqtisadi məruzqalmanı imperiya macəraçılığına iştahla qarışdırır və gəlirli regional əlaqələri hərbi liderlərin qurduğu dövlətin gətirdiyi öhdəliklərlə əvəzləyir. Analitiklər üçün sual Pekinin Tehranda rejimdən sonrakı boşluqdan istifadə edib-etməyəcəyi deyil, İraqın bölünməsinə havadarlığın onun strateji hesablamasına xidmət edib-etməməsidir. Çinin diplomatik presedenti, geniş kommersiya əlaqələri və xaricdə hərbi dolaşıqlıqdan çəkinməsi bunun əksini göstərir və Vaşinqtonun görməzlikdən gəldiyi daha səssiz, daha aşındırıcı Çin dominantlığı üsulunu üzə çıxarır.
Pekinin Kürdüstan Regionunun 2017-ci il 25 sentyabr tarixli müstəqillik referendumuna reaksiyası bu iddianı təkzib edir. Referendumdan və ardınca Bağdadla Ərbil arasında gərginliyin kəskinləşməsindən sonra Çin açıq şəkildə İraqın suverenliyini, ərazi bütövlüyünü və məsələnin İraqın konstitusiya çərçivəsində həllini vurğuladı. Ərbilin muxtar idarəçiliyinə, neft ehtiyatlarına və beynəlxalq kommersiya əlaqələrinə baxmayaraq, Pekin kürd dövlətçiliyini dəstəkləməkdən imtina etdi, separatçı siyasi layihənin məsuliyyətini üzərinə götürmədən kommersiya əlaqələrini davam etdirdi. Bu diplomatik bəyanatlar gələcək parçalanmaya qarşı icra oluna bilən zəmanət sayılmasa da, Çinin kommersiya maraqlarını irəli aparmaq üçün separatçılığa asanlıqla havadarlıq edəcəyi ehtimalı ilə ziddiyyət təşkil edən siyasət presedenti yaradır.
Çinin dövlətə məxsus və müstəqil şirkətləri İraqın neft hasilatının təxminən üçdə ikisini idarə edir ki, bu da parçalanmanın əleyhinə stimullar formalaşdırır. Silahlı təşkilatların hökm sürdüyü parçalanmış cənubi İraq müqavilə qeyri-müəyyənliyi, ixrac infrastrukturunda zəifliklər, Çin işçi heyəti üçün təhlükəsizlik riskləri, şiədaxili gəlir savaşları və sanksiya fəsadları gətirərdi. Enerji təhlükəsizliyi təkcə neft yataqlarına nəzarətdən ibarət deyil, həm də etibarlı nəqliyyat, infrastruktur və suveren hüquqi davamlılıq deməkdir. Pekinin Bağdadla bağlanmış, icrası mümkün müqavilələri nifaqlı silahlı dəstələrin hökm sürdüyü tanınmamış bir qurumla dəyişməsi və nəticədə öz investisiyalarını təhlükəyə atması üçün heç bir stimulu yoxdur.
Pekinin Afrika və Fars körfəzindəki fəaliyyəti də iqtisadi məruzqalmanın rejimqurma təşəbbüsü doğurduğu fikrini təkzib edir. 2011-ci ildə Liviya münaqişəsi Çin aktivlərini təhlükə altına alanda Pekin investisiyalara təminat verə biləcək siyasi hakimiyyət qurmaq və ya onu qorumaq əvəzinə, öz vətəndaşlarını təxliyə etməyə üstünlük verdi. Cənubi Sudanda 2013–2015-ci illərin vətəndaş müharibəsi dövründə Çin münaqişəni cilovlamaq və neft investisiyalarını qorumaq üçün diplomatik vasitəçiliyini və BMT-nin sülhməramlı missiyalarındakı iştirakını genişləndirdi, separatçı dövlətə ‘dayəlik’ etmək üçün yox. Hətta Çinin 2017-ci ildə Cibutidə açdığı xaricdəki bazası da iqtisadi hədəfləri ilə təhlükəsizlik siyasəti strategiyalarının strateji şəkildə bir-birinə hörülməsinə baxmayaraq, Çin havadarlığı ilə siyasi qurum yaratmağa deyil, logistika, dəniz quldurluğuna qarşı mübarizə və təxliyə missiyalarına xidmət edir. Bütövlükdə bu, separatçı hərəkatlara havadarlıqla bağlı siyasi və hərbi məsuliyyətləri öz üzərinə götürməyə heç bir həvəsin olmadığını göstərir.
Eyni şəkildə, Fars körfəzi boyunca Pekin İran və ərəb monarxiyaları ilə diplomatik və iqtisadi əlaqələri balanslaşdırır, ABŞ-ı regionun təhlükəsizlik təminatçısı kimi meydan oxuyaraq şübhə altına almır. Varlı Körfəz ərəb tərəfdaşlarının sərhədlərində şiə anklavına havadarlıq etmək Çinin strateji çevikliyini heç bir qazanc olmadan darmadağın edərdi. Əgər Çin güclü dövlət potensialına malik varlı Körfəz ərəb tərəfdaşlarının başlıca təhlükəsizlik təminatçısı qismində ABŞ-ı əvəz etməyə cəhd etməyibsə, daxili siyasi rəqabətlər və potensial düşmən qonşu dövlətlərlə üz-üzə qalan, silahlı təşkilatların hökm sürdüyü parçalanmış cənubi İraq qurumuna görə nə üçün məsuliyyət götürsün?
Həyəcan dolu şərhlər həm də üç ayrı nəticəni bir-birinə qarışdırır: konstitusiyaya əsaslanan şiə federal regionu, Bağdadın nəzarətindən kənarda silahlı qrupların idarə etdiyi faktiki muxtar anklav və beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət. Pekin İraqın ərazi bütövlüyünü şübhə altına almadan konstitusiyaya əsaslanan federal regionla işləyə, yaxud ayrılmanı dəstəkləmədən mövcud infrastrukturu qorumaq üçün faktiki yerli hakimiyyətlərlə praqmatik şəkildə sövdələşə bilər. Ancaq müstəqil cənub dövlətinə havadarlıq ağır diplomatik, sərhəd və ixrac böhranları doğurar, daha ciddi siyasi və diplomatik öhdəlik tələb edərdi. Üstəlik, Çin hazırda İraqın sabitliyinin qorunmasına kömək edən Amerika təhlükəsizlik iştirakından müftəxor kimi faydalanır, bu da Pekinə regional liderliyin maliyyə və hərbi xərclərini üzərinə götürmədən kommersiya təsirini genişləndirməyə imkan verir. ABŞ-İraq münasibətlərinin pisləşməsi Pekinə özünü daha proqnozlaşdırıla bilən iqtisadi tərəfdaş kimi təqdim etmək imkanı yaradır.
İran rejimi çökərsə, Pekinin passiv qalması ehtimalı azdır, lakin o, separatçı səlib yürüşünü orkestrasiya etməyə də hazır görünmür. Nəticədə Amerika siyasətqurucuları üçün əsl strateji təhlükə mütləq gələcəkdə Çin havadarlığı ilə yaradılacaq cənubi İraq dövləti deyil, Vaşinqtonun öz strateji ətalətidir. İraqda iqtisadi meydanı tərk edərkən milli suverenlik, kommersiya dürüstlüyü və tənzimləyici icranın təminatı üçün həyati əhəmiyyətli institusional çərçivələri diqqətdən kənarda qoymaqla Vaşinqton Pekinə təsir rıçaqlarını möhkəmlətməyə şərait yaradır. Çin faktiki olaraq bir güllə atmadan, bir silahlı dəstəyə havadarlıq etmədən, yeni bir dövlət qoparıb çıxarmadan nüfuzunu bərkidir.
Yaxın Şərq Forumunun təhlillərini e-poçtla alın: bülletenə abunə olun (ingilis dilində)